Pusunun Iranlı naziri Ali Asgeri

Azərbaycanda «Kurtlar Vadisi-Pusu» teleserialı böyük maraqla izlənilir. Bu serialın ölkəmizdə fanatlar ordusunun desək, yəqin ki, heç bir şişirtməyə, mübaliğəyə yol vermərik. Amma bu qədər böyük maraq olmasına rəğmən, filmin tamaşaçıları «Kurtlar Vadisi-Pusu»-da azərbaycanlı aktyorun çəkildiyini bilmirlər.
Elə biz də bilmirdik. Və bəlkə bundan sonra da bilməyəcəkdik. Dünən dostlarımızdan biri zəng etməsəydi:
«Sizə «Kurtlar Vadisi-Pusu»da çəkilən azərbaycanlı aktyorla müsahibə lazımdır?» Əvvəl zarafat etdiyini sandıq. Amma səsinin tonundan zarafat etmədiyini anlayıb, bizi həmin aktyorla görüşdürməsini xahiş etdik. Qonağı redaksiyamıza dəvət etdik.
Sizcə, kim olsa, yaxşıdır?
«Kurtlar Vadisi-Pusu»nun iranlı naziri – Əli Əsgəri. Gerisini özü danışsın:



– Mən Vüqar Əliyev 1969-cu ildə Göyçə mahalının Qanlı kəndində doğulmuşam. 11 ilə yaxın İrəvan Dövlət Dram Teatrında aktyor və direktor müavini kimi çalışmışam. Artıq beş ildir ki, sənət fəaliyyətimi Türkiyədə davam etdirirəm.

– Bakıya səfəriniz nə ilə bağlıdır?

– «Zeybək Yapım» adlı film şirkəti ilə birgə burada film çəkəcəyik. Məhərrəmlik ayı ilə bağlı üç hissədən ibarət serial ekranlaşdıracağıq. Film Azərbaycanda, İranda, İraqda, Özbəkistanda çəkiləcək. Buradakı çəkilişləri mən aparacağam. İnsanların bu hadisələrə münasibətini lentə alacağıq.

– Azərbaycandan niyə getdiniz ki?

– Ölkədən getməyimin səbəbi bəzi bürokratların xoşagəlməz münasibəti idi. Bir insanın vətənində günü xoşdursa, o, başqa yerə getməz. Niyə getsin ki? Xaricdə yaşamağın çətinlikləri çoxdur. O zamankı Mədəniyyət Nazirliyindəki bəzi bürokratların özbaşınalığı vadar elədi ki, mən Azərbaycandan gedim. Çox sağ olsunlar ki, özbaşınalıq elədilər, mən də buradan getdim. Getməyimin səbəbkarı xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı oldu. Onun dostları vasitəsilə Türkiyəyə yollandım. Ora getdiyim ilk həftədə 90 dəqiqəlik «Çilə» filmində rol aldım.

– Orada çalışdığınız teatr və ya hansısa qurum var?
– Teatr yoxdur. «Halk Film» adlı şirkətdə çalışıram. Bu, Nazim Tunç adlı rejissorun şirkətidir. Şirkət indiyə qədər yüzə yaxın film çəkib. Filmlərin iyirmisində birgə işləmişik. «Dədə Qorqud» filminin 4 seriyasında, 27 yaxın televiziya filmində, «Tək Türkiyə» serialında çəkilmişəm. Ümumiyyətlə, Türkiyədə 50 seriyaya yaxın filmdə oynamışam.

– Bir az da «Kurtlar Vadisi-Pusu»nun Əli Əsgərisindən danışaq…
«Kurtlar Vadisi-Pusu»ya çəkilənə qədər filmin bir seriyasına belə baxmamışdım. Ətrafımdakılar film haqqında çox danışırdılar. Bu filmin rejissoru Sadullah Şəntürk əvvəllər mənim dostum Nazim Tunçun asisstenti olub. Tunç ona zəng elədi ki, belə bir dostumuz var. O da dedi ki, gəlsin, görüşək. Görüşdük, 10 gündən sonra zəng elədilər ki, rol var, sənin oynamağını istəyirik. Mən də gedib rolla tanış oldum. Bilirsiz, bu filmə çəkilmək çox çətindir. Hətta yerli aktyorlar belə həmin filmin çəkilişlərinə girə bilmirlər. Bir şans idi, mənim qismətimə düşdü. Türkiyədə 2003-2004-cü illərdə bu serial nümayiş olunan zaman Böyük Millət Məclisi işini dayandırırdı. Çünki həmin gün millət vəkilləri diziyə baxmağa gedirdilər.

– Çəkilişlər zamanı baş verən maraqlı məqamlar haqda nə deyə bilərsiz?
– Vallah, mən iki günlük çəkilişlər zamanı nəyin maraqlı, nəyin maraqsız olduğunu bilmədim. Yəni cəmi iki seriyada rol aldım. Çox sevinirəm ki, oynadığım rolla tamaşaçıların qəlbinə yol tapa bildim.

– Filmin baş qəhrəmanı Polad Ələmdar – Necati Şaşmazla münasibətləriniz necə idi?
– Filmə keçən ilin sentyabrında çəkilmişdim. O vaxtdan zəngləşirik, görüşürük. Lazım olanda, çəkiliş meydançasına gedirik. Necati Şaşmaz çox səmimi insandır. Ekranda göründüyü kimi deyil, çox maraqlı insandır, savadlıdır. Böyük bir türkçüdür. O mənə danışırdı ki, əsilləri Xorasandan Kərkükə köçüb. Necatinin babası təxminən 150 il əvvəl Türkiyəyə gəlib. O, türkmən əsillidir, yəni bizə daha yaxındır.

– Film ekranlara çıxandan Necati Şaşmazın aktyorluq qabiliyyəti zaman-zaman tənqid olunub. Bir peşəkar kimi bu barədə Siz nə düşünürsünüz?
– Türkiyədə onun aktyorluq qabiliyyəti uzun müddət çəkişmə mövzusu oldu. Hamı onun haqqında yazırdı ki, aktyor deyil. Bizdə necədir? Mədəniyyət və İncəsənət Universitetinə daxil olub, dörd il oxuyandan sonra aktyor olursan. Bu adam artıq altı ildir ki, hər həftə filmə çəkilir. Necati nəinki incəsənət institutunu, hətta akademiya bitirmiş hesab olunur. Əvvəllər özü də etiraf edirdi ki, mən aktyor deyiləm, kinoya təsadüfən gəlmişəm. Çəkiliş meydançasında çay paylayan məndən daha peşəkardır. Artıq «qeyri-peşəkar» sözünü onun haqqında demək olmaz. Çünki Necati Şaşmaz altı ildə böyük məktəb keçib. Mənim roluma gəlincə, Əli Əsgərinin başına gələnlər olan hadisədir. Səhv etmirəmsə, 2003-cü ildə İranın energetika nazirinin müavini İstanbula gələndə oğurlanıb.

– Keçən həftə ailəsi Əli Əsgərinin tapılması tələbi ilə piket də keçirdi. Xanımı bəyan etdi ki, ərini «MOSSAD» oğurlayıb…
– O adamı hələ də axtarırlar. Əslində kimin hara apardığını bilirlər, amma açıqlamırlar.

– Yeri gəlmişkən, «Kurtlar Vadisi-Pusu»nun siyasi yükü ilə bağlı nə deyə bilərsiniz? Deyilənə görə, serialın ssenarisi Türkiyədə baş verən siyasi proseslər üzərində qurulub. Hətta «Ergenekon»la bağlı keçirilən prosesdə təqsirləndirilən şəxslərdən biri ifadə verərkən deyib ki, evindən götürülən kəşfiyyat sənədləri serialın ssenari müəlliflərindən birinə ötürülüb…
– Türkiyədə hər şeyə bir ad qoymağı çox sevirlər. Bədii əsəri siyasiləşdirmək lazım deyil. Sadəcə, ölkədə gündəlik baş verən hadisələri bədiiləşdirirlər. Film elə budur – həyatda baş verənləri bədii şəkildə göstərmək. Hesab etmirəm ki, orada «Ergenekon» hadisələri əks olunur. Demokratiyadır, kim nə istəyir, deyir.

– Maraqlıdır, serialın iki günlük çəkilişlərindən nə qədər qonorar aldınız?
– (Gülür) O bizə qalsın…

– Ümumiyyətlə, Türkiyədə çəkilən filmlərə görə aktyorlar nə qədər qonorar alırlar?

– Aktyora verilən qonorar telekanala və layihəyə görə dəyişir. Ən aşağı qonorar 500 dollardan başlayır. Elə aktyorlar var ki, həftəsinə 100 min dollar qonorar alır.

– Yəqin kinomuzun hazırkı acınacaqlı durumundan xəbərdarsınız…
– Xəbərim var. Açığı, Azərbaycan kinosunun hazırkı durumunu sıfra bərabər hesab edirəm. Son dövrdə çəkilən filmlərdən «Cavid ömrü» filmini izləmişdim. Ramiz Həsənoğlu özünü sübut eləmiş rejissordur. Bu filmdə Rasim Balayev oynayıbsa, əslində pis ola bilməz. Əgər bu gün film çəkilirsə, onun yaxşısına-pisinə baxmaq lazım deyil. Kino çəkildiyi üçün şükür eləmək lazımdır.

– Türk filmləri ilə bizim kinolar arasında hansısa paralellər aparmaq gülüncdür, eləmi?
– Doğrudur. Heç bir paralel aparmaq mümkün deyil. Sizin gördüyünüz 90 dəqiqəlik türk diziləri yeddi günə çəkilir. Burada isə belə filmin üzərində ən azı ay yarım işləyirlər. Bizdə kino industriyası hələ də yoxdur. Türkiyədə kinonun yaxşı inkişaf etməsinin səbəbi televiziyalarla bağlıdır. Televiziyaların vəziyyəti çox yaxşıdır. Çünki onların reklam bazarı, dünyaya açılmış böyük şirkətləri var. Pul olmasa, teatr və kino inkişaf edə bilməz. Yalan söhbətdir ki, aktyor ac olmalıdır, ayağı yalın olmalıdır. Bunu sovetlər dövründə bizim başımızı qarışdırmaq üçün deyirdilər. Aktyor da fəxr edirdi ki, mən aktyoram, deməli, ac olmalıyam. Amma kapitalist sistemində belə hallar olmaz, mümkün deyil. Danılmaz faktdır ki, Azərbaycan kino və teatr məktəbi onlardan çox yüksəkdir. Bunu hətta türklər özləri də etiraf edirlər. Onların Fransada, İngiltərədə, Almaniyada təhsil alan güclü rejissorları, aktyorları var, yaradıcılıq baxımından hansısa sahədə bizdən üstündürlər. Onlarda işin çox böyük tempi var. Bədii filmi 8 həftəyə çəkirlər. Bir gün əlavə işləsən, artıq sənin cibindən gedir. Onlar da elə hesablayırlar ki, pulları ciblərində qalsın.

– Gələcək planlarınız nədən ibarətdir?
– İnşallah, mart ayında Türkiyənin ATV telekanalında «Atmaca» adlı təzə serialın çəkilişinə başlayacağıq. Bu, mafiya mövzusunda film olacaq. TRT-nin uşaq kanalına 39 seriyalı film təqdim etmişik. Bəlkə Qurban Səidin «Əli və Nino» əsərinə 13 seriyalı film çəkdik. Hələ danışıqlar gedir.

– Yaradıcılığınızı Azərbaycanda davam etdirmək fikriniz var?
– Yox. Yaxın 10 il ərzində bura qayıtmaq fikrim yoxdur. Çəkiliş üçün gələ bilərəm. Hələ ki Azərbaycan kinosunun və teatrının bugünkü vəziyyəti mənə heç nə vəd etmir. Bilmirsən ki, bir aydan sonra nə olacaq.


Bir Cavab to “Pusunun Iranlı naziri Ali Asgeri”

  1. Düzü bilmirdim ki, Kurtlar vadisi serialında azərbaycanlı çəkilib.Maraqlı xəbər idi.Çox sağ ol.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: